(1) Ey rəsul! Səni Mariyaya qısqanan zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi - Mariya ilə yaxınlıq etməyini nə üçün özünə qadağan edirsən?! Allah səni bağışlayır, sənə rəhm edir.
(2) Allah, barəsində and içdiyiniz işdən daha xeyirlisini gördüyünüz və ya andınızı pozduğunuz təqdirdə kəffarə verməklə o anddan azad olmağı sizdən ötrü qanuniləşdirmişdir. Allah sizin yardımçınızdır. O, sizin halınızı və nəyin sizin üçün daha xeyirli olduğunu biləndir. Uca Allah, şəri qanunları təyin etmək və qədəri yazmaq xüsusunda hikmət sahibidir.
(3) Bir zaman Peyğəmbər -səllallahu aleyhi və səlləm- zövcəsi Həfsaya, bir daha zövcəsi Mariya ilə yaxınlıq etməyəcək dair sirr verdiyini xatırla. Nəhayət, Həfsa bunu Aişəyə bildirdikdə və Allah da Peyğəmbərə onun sirrinin ifşa edildiyini xəbər verdikdə, o, bu xəbərin bir qismini Həfsaya bildirdi, digərini isə demədi. Həfsa, Peyğəmbərdən -səllallahu aleyhi və səlləm-: “Bunu sənə kim xəbər verdi?”- deyə soruşduqda, O: “Bunu mənə hər şeyi bilən, hər gizli şeydən xəbərdar olan Allah xəbər verdi!”- deyərək cavab verdi.
(4) Hər ikiniz Allaha tövbə etməlisiniz. Çünki ikinizin də qəlbi Rəsulullahin (səllallahu aleyhi və səlləm) xoşlamadığı bir əməli - cariyəsindən uzaqlaşıb onu özünə haram etməsini - sevməyə meyl etmişdir. Əgər Peyğəmbərə qarşı bir-birinizə dəstək verməyə israr etsəniz, bilin ki, Allah, Cəbrail və əməlisaleh möminlər onun dostu və yardımçısıdır. Allahın ona olan yardımından sonra mələklər də, ona əziyyət verənlərə qarşı onun dostları və yardımçısıdır.
(5) Əgər Peyğəmbər sizi boşasa, onun pak və müqəddəs Rəbbi sizin əvəzinizə ona sizdən daha xeyirli zövcələr – Allahın əmrinə boyun əyən, Allaha və Onun rəsuluna iman gətirən, Allaha itaət edən, öz günahlarından tövbə edən, Rəbbinə ibadət edən, oruc tutan dul qadınlar və heç kəslə yaxınlıq etməmiş bakirə qızlar verə bilər. Lakin Peyğəmbər (səllallahu aleyhi və səlləm) onları boşamamışdır.
(6) Ey Allaha iman gətirən və Onun buyuruqlarını yerinə yetirən kimsələr! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan böyük oddan qorumaq üçün sipər hazırlayın! O odun üstündə ora daxil olan kimsələrə qarşı sərt təbiətli və şiddətli mələklər vardır. Bu mələklər Allahın onlara verdiyi əmrlərə heç vaxt asi olmur və Allahın onlara buyurduqlarını yorulmaq bilmədən dərhal yerinə yetirirlər.
(7) Qiyamət günü kafirlərə belə deyiləcək: "Ey Allaha küfr edənlər! Bu gün vaxtı ilə etdiyiniz küfrə və asiliklərə görə üzr diləməyin, sizin üzrxahlıq etməniz qəbul edilməyəcəkdir. Bu gün siz ancaq dünyada etdiyiniz əməllərin - Allaha küfr etməyinizin və Onun peyğəmbərlərini yalançı saymağınızın cəzasını çəkəcəksiniz!
(8) Ey Allaha iman gətirən və Onun buyururqlarını yerinə yetirən kimsələr! Günahlarınıza görə Allaha səmimi-qəlbdən tövbə edin. Ola bilsin ki, Rəbbiniz sizin günahlarınızı silsin və sizi, Allah Peyğəmbəri və onunla birlikdə iman gətirənləri atəşə atmaqla rəzil etməyəcəyi bir gündə - qiyamət günü ağacları və qəsrləri altından çaylar axan Cənnət bağlarına daxil etsin. Sirat körpüsü üzərində onların nuru önlərindən və sağ tərəflərindən ətrafa yayılacaq. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz Cənnətə daxil olanadək nurumuzu bizim üçün tamamla ki, münafiqlərin nuru sirat körpüsü üstündə söndüyü kimi, bizim də nurumuz sönməsin və bizim günahlarımızı bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən. Sənin bizim nurumuzu tamamlamağına və günahlarımızı bağışlmağına heç kəs mane ola bilməz.”
(9) Ey rəsul, kafirlərə qarşı qılıncla, münafiqlərə qarşı da dilinlə və cəza tətbiq etməklə vuruş! Onlarla sərt davran ki, səndən qorxub çəkinsinlər! Qiyamət günü onların gedəcəkləri yer Cəhənnəmdir. Onların qayıdacaqları yer necə də pis dönüş yeridir!
(10) Allah, Allaha və Onun rəsuluna küfr etmiş kimsələrə Allahın iki peyğəmbərinin - Nuhun və Lutun həyat yoldaşlarını misal çəkir ki, kafirlərin möminlərlə əlaqəsi olmasının onlara heç bir fayda verməyəcəyini bildirsin. Onlar əməlisaleh qullarımızdan iki qulun nikahı altında idilər, Allahın yolundan azmaqla, həmçinin, qövmünün kafirlərinə kömək etməklə ərlərinə xəyanət etdilər və bu qadınların əməlisaleh peyğəmbərlərin zövcələri olmaları onlara fayda vermədi. Nəhayət, o qadınlara belə deyildi: “Cəhənnəm oduna girən kafirlər və fasiqlərlə birgə ikiniz də ora girin!”
(11) Allah, Allaha və Onun rəsuluna iman gətirənlərə Fironun zövcəsini misal çəkir ki, möminlər haqq üzərində sabit qaldıqları müddətcə onların kafirlərlə qohumluq əlaqəsi olmasının onlara heç bir zərər yetirməyəciyini və onlara mənfi təsir göstərməyəcəyini bildirsin. O zaman o qadın: “Ey Rəbbim! Mənə Öz yanında – Cənnətdə bir ev tik. Məni Fironun zülmündən, onun hökmranlığından və onun pis əməllərindən xilas et. Məni, həmçinin, Fironun azğınlığını və zülmünü dəstəkləyən zalım qövmdən xilas et!” – demişdi.
(12) Allah, Allaha və Onun rəsuluna iman gətirənlərə özünü zinadan qoruyan İmran qızı Məryəmi də misal çəkdi. Allah Cəbrailə Məryəmə (ruhu) üfürməyi əmr etdi, beləliklə də, Məryəm özünə bir kişi toxunmadan İsaya hamilə qaldı. Məryəm Allahın hökmlərini və Onun elçilərinə nazil edilmiş kitabları təsdiqlədi, həm də, Allahın buyuruqlarını yerinə yetirib qadağan etdiyi işlərdən çəkinərək Ona itaət edənlərdən oldu.