(1) Həqiqətən, Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik ki, onların Allaha şərik qoşurdularına görə özlərinə şiddətli bir əzab gəlməzdən əvvəl onları dəvət edib qorxutsun.
(2) Nuh öz qövmünə dedi: "Ey qövmüm! Şübhəsiz ki, mən sizi, Allaha tövbə etmədyəcəyiniz təqdirdə düçar olacağınız əzabla açıq-aydın xəbərdar edən bir peyğəmbərəm!
(3) Xəbərdarlığımın əsas məğzi budur ki, sizə deyim: Yalnız Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın, Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi şeylərdən çəkinməklə Ondan qorxun və bir də, sizə əmr etdiyim işlərdə mənə itaət edin!
(4) Əgər siz belə etsəniz -qulların haqları istisna olmaqla- Allah sizin günahlarınızdan keçər və sizə bu həyatda, Allahın elminə görə əzəldən lövhi-məhfuzda təyin edilmiş vaxtadək möhlət verər və siz qədəriniz qədər orada ömür sürərsiniz. Həqiqətən, ölüm gəldiyi zaman əsla təxirə salınmaz. Əgər bilsəydiniz, Allaha iman gətirməyə, həmçinin, şirk və azğınlıq etdiyinizə görə Ona tövbə etməyə tələsərdiniz".
(5) Nuh dedi: "Ey Rəbbim! Mən gecə-gündüz davamlı olaraq qövmümü Sənə ibadət etməyə və Sənin təkliyini qəbul etməyə dəvət etdim.
(6) Lakin dəvətim onların dəvət etdiyimdən qaçmalarını və uzaqlaşmalarını daha da artırdı.
(7) Mən hər dəfə onları günahlarının bağışlanmasına səbəb olan işlərə - yalnız Sənə ibadət etməyə, habelə, Sənə və Sənin rəsuluna itaət etməyə dəvət etdikdə, mənim dəvətimi eşitməsinlər deyə, barmaqlarını qulaqlarına tıxayır və məni görməsinlər deyə, libaslarının ətəyini üzünə tutur, üstəlik, şirk etmələrinə davam edir və dəvət etdiyim haqqı qəbul etməyib, ona qulaq asmayıb təkəbbürlük göstərirlər.
(8) Ey Rəbbim! Sonra mən onları aşkarcasına dəvət etdim.
(9) Sonra mən onları müxtəlif dəvət üslublarımla, həm uca səslə, həm də gizlicə, asta səslə dəvət etdim
(10) Və dedim: "Ey qövmüm! Rəbbinizə tövbə etməklə Ondan bağışlanma diləyin! Həqiqətən, pak və müqəddəs olan Allah Öz qullarından Ona tövbə edənləri çox bağışlayandır!
(11) Əgər siz Allahdan bağışlanma diləsəniz, sizin yağışa ehtiyacınız olduğu müddətcə, O, sizin üzərinizə bol-bol yağış endirər, beləliklə də, sizə quraqlıq üz verməz,
(12) O sizə çoxlu var-dövlət və oğul-uşaq bəxş edər, sizin üçün meyvəsindən yeyəcəyiniz bağlar və suyundan içəcəyiniz, üstəlik, əkin sahələrinizi və heyvanlarınızı suvaracağınız çaylar yaradar.
(13) Ey qövmüm! Sizə nə olub ki, laqeyidlik göstərib Allaha asi olur və Onun əzəmətindən qorxmursunuz?
(14) O sizi əvvəlcə nütfə, sonra qan laxtası, sonra da ət parçası etməklə mərhələlərlə yaratdı.
(15) Məgər Allahın yeddi göyü bir-birinin üstündə qat-qat necə yaratdığını görmürsünüz?
(16) Uca Allah ayı, dünya səmasında yer əhli üçün nur saçan, günəşi isə parlaq bir çıraq etdi.
(17) Allah atanız Adəmi torpaqdan yaradaraq hamınızı oradan xəlq etmiş, sonra da, siz yerin sizin üçün bitirdiklərindən yeyirsiniz.
(18) Siz öldükdən sonra O sizi ora qaytaracaq, sonra da sizi həşr olunmanız üçün oradan çıxardacaqdır.
(19) Yer üzərində rahat yaşayıb orada qərar tutasınız deyə Allah yeri sizin üçün ayaqlarınızın altına döşədi.
(20) Allah bunu, yer üzündə geniş yollarla hərəkət edib orada halal ruzi qazanmanız üçün etdi.
(21) Nuh dedi: "Ey Rəbbim! Mən qövmümə Sənin tək İlah olduğunu qəbul etməyi və təkcə Sənə ibadət etməyi buyurdum, lakin onlar mənə asi oldular, üstəlik, Sənin mal-dövlət və övlad verdiyin alçaq rəhbərlərə tabe oldular. Sənin onlara verdiyin nemətlər onların yalnız azğınlığını artırdı.
(22) Onların böyükləri aralarındakı səfeh kimsələri Nuha qarşı qaldırmaqla böyük bir hiylə işlətdilər.
(23) Və tabeçiliyində olanlara belə dedilər: "Öz məbudlarınıza olan ibadətinizi tərk etməyin. Tanrılarınız Vəddə, Suvaya, Yəğusa, Yəuqa və Nəsrə ibadət emtəkdən vaz keçməyin!"
(24) Artıq onlar bu bütlər sayəsində insanların çoxunu azdırmışlar. Ey Rəbbim! Sən də, küfr və asilik etməkdə israrlı olub özlərinə zülm etmiş kimsələrə azğınlıqdan başqa bir şey artırma".
(25) Onlar hələ dünyada ikən etdikləri günahlara görə qasırğalı dənizdə suya qərq edildilər və öldükdən dərhal sonra Cəhənnəmə atıldılar. Özlərinə Allahdan savayı onları suda batmaqdan və odda yanmaqdan qurtaracaq köməkçilər tapa bilmədilər!
(26) Allah Nuha, onun qövmündən artıq iman gətirmiş kimsələrdən başqa heç kəsin iman gətirməyəcəyini xəbər everdikdə, o dedi: "Ey Rəbbim! Kafirlərdən yer üzündə bir nəfərin belə gəzməsinə və ya hərəkət etməsinə imkan vermə!
(27) Ey Rəbbimiz! Əgər Sən, onları sağ buraxsan və onlara möhlət versən, onlar Sənin mömin qullarını azdıracaq, həm də, Sənə itaət etməyən və Sənin nemətlərinə şükr etməyən günahkar övladlar doğub-törəyəcəklər.
(28) Ey Rəbbim! Mənim bağışla, valideynlərimin bağışla, evimə mömin kimi daxil olanların və bütün mömin kişi və qadınların günahlarını bağışla! Küfr etmək və günah işlər görməklə özlərinə zülm edən kimsələrin isə yalnız həlakını və xüsranını artır".