73 - əl-Muzzəmmil ()

|

(1) Ey libasına bürünüb örtünmüş (yəni, Muhamməd Peyğəmbər səllallahu aleyhi və səlləm).

(2) Gecəni - az bir hissəsi istisna olmaqla - qalxıb namaz qıl!

(3) İstəsən gecənin yarısını, yaxud ondan bir qədər az, təqribən üçdə biri qədər namaz qıl.

(4) Yaxud da üçdə ikisinə çatanadək onu artır. Quranı da oxuduqda onu aydın tələffüz edərək aram- aramla oxu!

(5) Ey Peyğəmbər! Həqiqətən, Biz sənə Quran – ağır bir söz vəhy edəcəyik. Bu Quran, içində fərz buyurulanlar, hüdudlar, əhkamlar, ədəb qaydaları və s bu kimi hökmlərin olduğuna görə ağırdır.

(6) Əlbəttə, gecə vaxtı qalxmaq çox çətin olsa da, Quranı səmimi-qəlbdən oxumaq və onu doğru-düzgün başa düşmək üçün daha münasibdir.

(7) Şübhəsiz ki, gündüz vaxtı sənin məşğul olduğun uzun-uzadı işlərin vardır və bu işlər səni Quran oxumaqdan yayındıran. Odur ki, gecə vaxtı qalx namaz qıl.

(8) Müxtəlif zikrlərlə Allahı zikr et və ibadətini ixlasla yerinə yetirərək özünü tamamilə pak və müqəddəs Allaha həsr et!

(9) O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Elə isə Onu özünə himayəçi götür və, bütün işlərində yalnız Ona arxalan.

(10) Haqqı yalan sayanların istehzalarına və təhqirlərinə səbir et və onlardan xoşluqla, əziyyət vermədən uzaqlaş.

(11) Sən, dünyanın naz-nemətlərinə dalmış, haqqı yalan sayanlara fikir vermə, Məni onlarla tək burax və onlara əcəlləri yetişənədək möhlət ver.

(12) Həqiqətən, Biz axirətdə onlar üçün ağır qandallar və yandırıb-yaxan od hazırlamışıq.

(13) Çox acı olduğuna görə boğazda tıxanıb keçməyən yemək və bunlardan əlavə şiddətli bir əzab da vardır.

(14) Yer və dağlar titrəyəcəyi, dağlar o günün dəhşətindən səpələnən qum təpəsinə dönəcəyi zaman o əzab haqqı yalan sayanları yaxalayacaqdır.

(15) Həqiqətən, Biz Firona Musanı (aleyhissəlam) rəsul göndərdiyimiz kimi, sizə də, qüiyamət günü əməllərinizə şahidlik edəcək bir rəsul göndərdik.

(16) Firon Rəbbi tərəfindən onun yanına göndərilmiş rəsula asi oldu. Buna görə də Biz onu bu dünyada dənizdə batırmaqla, axirətdə də Cəhənnəm əzabı ilə şiddətli cəzaya məruz qoyduq. Elə isə, sizə göndərilmiş rəsula asi olmayın, yoxsa Fironun başına gələnlər sizin də başınıza gələr.

(17) Əgər siz Allaha küfr edirsiniz və Onu rəsulunu yalançı sayırsınızsa, öz dəhşəti və uzunmüddətli olması ilə balaca uşaqların saçlarını ağardacaq uzun gündən canınızı necə qurtaracaq və ondan necə qorunacaqsınız?

(18) O günün dəhşətindən göy parçalanacaq. Allahın vədi qaçılmaz olaraq mütləq yerinə yetəcəkdir.

(19) Həqiqətən, qiyamət günü baş verəcək hadisələrin dəhşətini və şiddətini bəyan edən bu nəsihət, möminlərə fayda verəcək bir xatırlatmadır. Kim istəsə, Rəbbinə tərəf aparan yolu tutub gedər.

(20) Ey Peyğəmbər! Həqiqətən, Rəbbin, sən və səninlə olan möminlərdən bir dəstə bəzən gecənin üçdə ikisinə yaxın qismini, bəzən yarısını, bəzən də üçdə birini ibadət üçün qalxdığınızı bilir. Gecə və gündüzün saatlarını Allah ölçüb müəyyənləşdirir. Pak və müqəddəs Allah bilir ki, siz bu saatları hesablayıb dəqiqləşdirə bilmirsiniz deyə, tələb olunanı yerinə yetirəmək üçün gecənin çox hissəsini namazda keçirmək sizə çətin gəlir. Odur ki, O, sizin tövbələrinizi qəbul etdi. Elə isə sizə asan gələcək qədər namaz qılın. Ey möminlər! Allah bilir ki, sizlərdən bəziləri xəstə olacaq və xəstəlik onları əldən salacaq, digərləri Allahın verdiyi ruzini əldə etmək üçün səfərə çıxacaq, bir qisminiz də Allahın razılığını qazanmaq və Onun kəlməsini ucaltmaq məqsədilə kafirlərlə vuruşacaq. Bu səbədən də, gecə namazını qılmaq onları məşəqqətə salacaq. Elə isə sizə asan gələcək qədər namaz qılın. Vacib namazları kamil şəkildə qılın, malınızın zəkatını verin və malınızdan Allah yolunda xərcləyin.Əvvəlcədən özünüz üçün nə xeyir tədarük etsəniz, onun daha xeyirlisilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Elə isə Allahdan bağışlanma diləyin! Şübhəsiz ki, Allah tövbə edən qullarını bağışlayar və onlara rəhm edər!