77 - əl-Mursəlat ()

|

(1) Uca Allah, at yalı kimi, ardı-ardından göndərilən küləklərə and içir.

(2) O, həmçinin, şiddətlə əsən küləklərə and içir.

(3) Həmçinin, yağışı ətrafa yayan küləklərə and içir.

(4) Uca Allah həmçinin, haqqı batildən ayıran dəlilləri nazil edən mələklərə and içir.

(5) O həmçinin, vəhyi nazil edən mələklərə and içir.

(6) O mələklər insanların Allahın hüzurunda bəhanələri olmaması və insanları Allahın əzabı ilə xəbərdar etmələri üçün vəhyi nazil edirlər.

(7) Sizə vəd edilmiş dirilmə, haqq-hesaba çəkilmə və əməllərin əvəzini alma hadisələri mütləq vaqe olacaqdır.

(8) Ulduzların nuru itəcəyi və işığı sönəcəyi zaman,

(9) Mələklərin nazil olması üçün göy yarılacağı zaman,

(10) Dağlar yerindən qopardılacağı və parça-parça olub toz dənəciklərinə çevrildiyi zaman,

(11) Təyin olunmuş vaxtda Peyğəmbərlər bir yerə toplaşacağı zaman

(12) Öz ümmətlərinə şahidlik etmələri üçün təyin olunmuş əzəmətli gündə.

(13) Bəndələr arasında ayırd ediləcək bir gündə. Həmin gün haqlı olanla haqsız olan kəs, habelə, xoşbət insanla bədbəxt insan bir-birindən ayırd ediləcəkdir.

(14) Ey Peyğəmbər! Sən nə bilirsən ayırd etmə günü nədir?!

(15) Peyğəmbərlərin Allah tərəfindən təbliğ etdiklərini yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın!

(16) Məgər əvvəlki ümmətlər Allaha küfr etdikləri və peyğəmbərlərini yalançı saydıqları zaman Biz onları həlak etmədikmi?!

(17) Sonrakı yalan sayanları da onlara qatacağıq, onları da, bunlar kimi həlak edəcəyik.

(18) O ümmətləri məhv etdiyimiz kimi, Muhəmmədin (səllallahu aleyhi vəsəlləm) gətirdiyi risaləti yalan sayan günahkarları da məhv edəcəyik.

(19) Allahın günahkarlara vəd etdiyi cəzanı yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın!

(20) Ey insanlar! Məgər Biz sizi dəyərsiz bir damla sudan - nütfədən xəlq etmədikmi?!

(21) Biz o dəyərsiz nütfəni möhkəm bir yerdə - ana bətnində yerləşdirdik.

(22) Məlum bir vaxta qədər - hamiləlik dövrünün sonunadək.

(23) Biz ana bətnində olan körpənin biçimini, qədd-qamətini, rəngini və s. yaratmağa qüdrətimiz çatdı. Bütün bunları yaratmaq üçün nə gözəl qadir olanlarıq Biz!

(24) Allahın qüdrətini yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın!

(25) Məgər Biz yeri insanların hamısını özündə cəm edən yer etmədikmi?!

(26) Diriləri üçün məskunlaşma və məişət qurma yeri, ölüləri üçün isə dəfn edilmə yeri etmədikmi?!

(27) Ey insanlar! Yer üzü lərzəyə gəlib tərpənməsin deyə sizin üçün orada möhkəm dayanan tərpənməz uca dağlar yaratdıq və sizə şirin su içirtdik. Bunları yaradan Allah sizi diriltməyə aciz deyildir.

(28) Allahın verdiyi nemətləri yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın!

(29) Peyğəmbərlərinin gətirdiyi risaləti yalan sayanlara belə deyiləcək: "Ey yalançılar! Gedin yalan saydığınız əzabın içinə!

(30) Gedin, tüstüdən əmələ gəlmiş üç qola ayrılan kölgəliyə!

(31) Orada nə kölgəliklərin sərinliyin var, nə də o kölgəliklər sizi Cəhənnəm alovundan və onun isitisindən qoruyar.

(32) Həqiqətən, Cəhənnəm hər biri hündür bir imarət böyüklüyündə qığılcımlar püskürür.

(33) O püskürən qığılcımlar rənginin qaralığında və böyüklüyündə sanki qara dəvə sürükləridir.

(34) Allahın əzabını yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın!

(35) Bu, onların danışa bilməyəcəkləri bir gündür.

(36) Onlara etdikləri küfrə və pis əməllərə görə üzür gətirməyə izin verilməyəcək ki, üzür gətirsinlər.

(37) O gün barəsində varid olan xəbərləri yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın!

(38) Bu, yaradılanlar arasında ayırd etmə günüdür. Biz bu gün həm sizi, həm də əvvəlki ümmətləri bir yerə cəm etdik!

(39) Əgər Allahın əzabından qurtulmaq üçün qura biləcəyiniz hiyləniz varsa, Mənə qarşı işlədin görək!

(40) Ayırd etmə gününü yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın!

(41) Şübhəsiz ki, Rəbbinin əmrlərini yerinə yetirməklə və qadağalarından çəkinməklə Ondan qorxan kimslər, Cənnətdəki yaşıl ağaclarının kölgəliklərində və şirin suyu olan axar çeşmələr başında,

(42) Və yemək istədikləri meyvələr içində olacaqlar.

(43) Onlara deyiləcək: "Dünyada ikən saleh əməllər etdiyinizə görə, təmiz yeməklərdən və zərərsiz şərablardan nuşcanlıqla yeyin-için!

(44) Həqiqətən də, Biz yaxşı əməl sahiblərini, sizi mükafatlandırdığımız kimi mükafatlandırırıq!"

(45) Allahın müttəqilər üçün hazırladğı nemətləri yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın!

(46) Haqqı yalan sayanlara deyiləcək: "Dünyada ikən həyatın ləzzətlərindən az müddət zövq alın! Həqiqətən də, siz Allaha qarşı küfr etdiyinizə və Onun elçilərini yalançı saydığınıza görə günahkarlarsınız!

(47) Din günü cəzalandırılacaqlarını yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın!

(48) Haqqı yalan sayan o kəslərə: "Allah üçün namaz qılın!" – deyildikdə, onlar namaz qılmazlar.

(49) Peyğəmbərlərin Allah qatından gətirdiklərini yalan sayanlar, o gün həlak olsun, əzaba məruz qalsın və ziyana uğrasın!

(50) Onlar Rəbbi tərəfindən nazil edilmiş bu Qurana inanmayandan sonra başqa hansı sözə inanacaqlar?!