82 - əl-İnfitar ()

|

(1) Mələklərin nazil olması üçün göy parçalanacağı zaman,

(2) Ulduzlar səpələnmiş halda düşəcəyi zaman,

(3) Dənizlər daşıb bir-birinə qarışacağı zaman,

(4) Qəbirlərdəki ölülərin dirilib çıxması üçün o qəbirlərin altı üstünə çevriləcəyi zaman,

(5) O gün hər kəs (dünyada) nə əməllər etdiyini, nələri də sonraya saxlayıb etmədiyini biləcəkdir.

(6) Ey Rəbbinə küfr edən insan! Sənə möhlət verib günahlarına görə səni dərhal cəzalandırmamaqla sənə qarşı səxavət göstərən Rəbbinin əmrinə müxalif olamağa səni vadar edən nədir?!

(7) O Rəbbin ki, səni heç nədən yaratmış və əzalarını yerli yerində edib sənə kamil surət vermişdir.

(8) Səni istədiyi surətdə xəlq etmişdir. O səni uzunqulaq, meymun, it və başqa bu kimi heyvan yaratmamaqla sənə nemət bəxş etmişdir.

(9) Ey azmış kimsələr! bu iş heç də sizin düşündüyünüz kimi deyil. Əksinə, siz haqq-hesab gününü yalan sayır və o gün üçün hazırlıq görmürsünüz.

(10) Şübhəsiz ki, sizin üzərinizdə əməllərinizə nəzarət edən mələklər vardır.

(11) Allah yanında hörmətli olan, əməllərinizi yazan mələklər.

(12) Onlar sizin nə əməl etdiyinizi bilir və onu qeydə alırlar.

(13) Şübhəsiz ki, yaxşı əməl və itaət sahibləri qiyamət günü tükənməz nemətlər içində olacaqlar.

(14) Şübhəsiz ki, günahkarlar onları yandırıb-yaxan Cəhənnəm odunda olacaqlar.

(15) Onlar ora haqq-hesab günü daxil olacaq və onun hərarətindən əzab çəkəcəklər.

(16) Onlar heç vaxt ondan çıxa bilməyəcəklər, əksinə, orada əbədi olaraq qalacaqlar.

(17) Ey Peyğəmbər! Sən nə bilirsənki, din günü nədir?!

(18) Sonra sən nə bilirsən ki, din günü nədir?!

(19) O gün heç kəs heç kəsə fayda verə bilməyəcək. O gün hökm yalnız Allaha məxsus olacaq və O, istədiyini edəcək. Ondan başqa heç kəsin hökm verməyə ixtiyarı olmayacaqdır.